Sergey Lavrov: "Səfirliklərin ərazisi az qala restoranlara da icarəyə verilir"

"Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü ümidvericidir. Lakin hər şey münaqişə tərəflərindən asılıdır”.

 

APA TV-nin xəbərinə görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Rusiya digər həmsədr ölkələrlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə dialoqa kömək etmək istəyir: “Həmsədrlərin müəyyən hazırlıqları var, tərəflər bunları rədd etmir, lakin razılığa gəlmək üçün əlavə səylər tələb edirlər. Biz kömək etməyə hazırıq, ancaq onların əvəzindən bu işi görə bilmərik. Danışıqlarda tərəqqi hər şeydən əvvəl tərəflərin özlərindən asılıdır".

 

Sergey Lavrov həmçinin separatçı Dağlıq Qarabağ rejiminin Ermənistanın Rusiyadakı səfirliyində nümayəndəliyinin fəaliyyət göstərməsindən xəbərsiz olduğunu bildirib. Bununla belə, diplomat Vyana Konvensiyasına riayət etməyin vacib olduğunu vurğulayıb: “Mütəmadi olaraq belə fikirlər səslənir ki, Vyana Konvensiyasına zidd olaraq, səfirliklərin ərazisi az qala restoranlara da icarəyə verilir. Hesab edirəm ki, Vyana Konvensiyasına riayət olunmalıdır”.

 

Ukraynada parçalanma ehtimalı ilə bağlı məsələni şərh edən nazir bu cür təxribat xarakterli söhbətləri dastəkləmək niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, Ukraynanın parçalanmaması və durumun sabitləşməsi üçün Rusiya əlindən gələni edəcək. O, Avromaydan başlayandan bəri administrativ binaları ələ keçirən müxalifətçiləri yaraqlı adlandırıb. Lavrov qeyd edib ki, Ukrayna daxilindəki vəziyyət kənardan müdaxilə olmadan, konstitusiya hüququ müstəvisi əsasında dialoq vasitəsi ilə nizamlanmalıdır.

 

Müəllif | Apa.Tv