Həmməruzəçilər Müsavat Partiyasının təmsilçiləri ilə niyə görüşməyiblər?

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Cozef Debono Qrex və Pedro Aqramunt Azərbaycana səfəri çərçivəsində müxalifət partiyalarının təmsilçiləri ilə görüşüblər. Görüşdə Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Azad Demokratlar Partiyası təşkilat komitəsinin sədri Sülhəddin Əkbər, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğluvə REAL hərəkatının icra katibi Natiq Cəfərli və Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu iştirak ediblər. Görüşdə Milli Məclisdə təmsil olunan müxalifət partiyaları və Müsavat Partiyası olmayıb.

Artıq Müsavat Partiyası görüşdə iştirak etmədiklərinə aydınlıq gətirib. APA TV-nin xəbərinə görə, partiyanın mətbuat xidmətinin yaydığı açıqlamada deyilir ki, Avropa Şurasının Bakı ofisinin nümayəndələri ilə dəqiqləşdirilmiş məlumata görə, görüşə dəvət haqqında məlumat Müsavat Partiyası başqanının keçmiş köməkçisi, hazırda partiyanın üzvü olmayan şəxsə verilib. Lakin məlumat partiya rəhbərliyinə çatdırılmayıb. Müsavat Partiyasının rəhbərliyi həmin görüşdə məhz bu səbəbdən – yəni görüşə dəvət barədə məlumat verilmədiyindən iştirak etməyib.

Yeganə Hacıyeva isə APA-ya açıqlamasında İsa Qəmbərin həmməruzəçilərlə görüşə dəvət olunması ilə bağlı ona hər hansı məlumat verilmədiyini söyləyib.

Həmməruzəçilər, həmçinin Naxçıvan Muxtar Respublikasına səfər edəcəklər.

 

Müəllif | Apa.Tv