Ukraynada FÖVQƏLADƏ VƏZİYYƏT ELAN OLUNACAQ

Kiyevdə hökumət qüvvələri ilə toqquşmalarda iştirak edən 32 aksiya iştirakçısı saxlanıb. APA TV-nin verdiyi məlumata görə, saxlanan şəxslər barədə cinayət işi başlanıb. İttihamlar təsdiqlənərsə, onları 15 ilədək həbs cəzası gözləyir.

 

Kiyevin mərkəzində gedən toqquşmalarda polislər də daxil olmaqla 104 nəfər yaralanıb, 44 nəfər xəstəxanaya yerləşdirilib. Polislərin əsasən kəllə-beyin travması, müxtəlif yanıq xəsarətləri aldığı qeyd olunur.

 

Kiyev meriyası nümayişlər zamanı paytaxtda dəyən ziyan miqdarını açıqlayıb. Şəhər merinin vəzifəsini icra edən Anatoli Qolubçenko bildirib ki, nümayişlər zamanı ictimai iaşə obyektlərinə bütövlükdə 140 milyon qrivna ziyan dəyib. O, faktla bağlı ölkə prokurorluğuna müraciət edəcəyini bildirib.

 

Ukraynanın UDAR müxalifət partiyasının lideri, məşhur boksçu Vitali Kliçko nümayişlər zamanı vitrinləri sındırıb qarətçiliklə məşğul olanların hökumət adamları olduğunu bəyan edib. Onun sözlərinə görə, idmançılardan ibarət bu qrup təxribatçılıqla məşğul olub. Kliçko qeyd edib ki, baş verənlərin arxasında hakimiyyətin fövqəladə vəziyyət elan etmək istəyi dayanır.

 

Artıq Ali Rada ölkədə fövqəladə vəziyyətin tətbiq edilməsi təklifini müzakirə etməyə hazırlaşır. Hakim Regionlar Partiyasından olan millət vəkilləri cümə axşamı parlamentin növbədənkənar sessiyasında bu məsələni qaldırmaq niyyətində olduqlarını bildiriblər.

 

Müəllif | Apa.Tv