Sərnişin avtobusu "VAZ 21 07" ilə toqquşdu

Bakının Suraxanı rayonu ərazisində sərnişin avtobusu ilə minik maşını toqquşub. APA TV-nin məlumatına görə, hadisə Əmircan qəsəbəsində baş verib. 208 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu "VAZ 2107" markalı avtomobili vurub. İlkin məlumata görə, "VAZ 2107" əsas yoldan sola - köməkçi yola dönmək istəyib. Lakin minik maşınının sürücüsü bu zaman əsas yolla hərəkət edən avtomobilləri gözləməyib. İşıqforun yaşıq işığında hərəkət edən avtobus isə "VAZ 2107"-yə çırpılıb.

 

Hadisə nəticəsində minik maşınında olan sərnişin xəsarət alıb. Polis əməkdaşları hadisə yerinə çatana qədər yaralı xəstəxanaya aparıldığından, onun şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb.

 

Qəzada maraqlı məqamlardan biri də sürücülərdən heç birinin hadisə yerində olmaması idi. "VAZ 2107"-nin sürücüsünün yaralı sərnişinlə bərabər xəstəxanaya getdiyi ehtimal olunur. Amma avtobusun sürücüsünün hadisədən sonra yoxa çıxması müəyyən şübhələrə yol açır. Avtobusun yanında dayanan bir nəfər sürücünün dostu olduğunu desə də, yol polisi əməkdaşları avtobusu məhz onun idarə etdiyini düşünürlər. Sadəcə olaraq, onun avtobusu sənədsiz idarə etdiyi və bu qanun pozuntusunun ortaya çıxmaması üçün əsl həqiqəti gizlətdiyi güman olunur.

 

Qeyd edək ki, hadisə təhlükəsizlik kamerasının altında baş verib. Yəni, avtobusu kimin idarə etdiyini müəyyənləşdirmək polis əməkdaşları üçün o qədər də çətin olmayacaq.

 

Müəllif | Apa.Tv