Qeyri-adi əməliyyat: inək su quyusundan çıxarıldı

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ötən axşam qeyri-adi əməliyyat həyata keçiriblər. Daha doğrusu, həmişə insanların köməyinə tələsən xilasedicilər bu dəfə heyvan xilas etməli olublar.

 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub ki, Bakının Sabunçu rayonunda vətəndaşa məxsus həyətyanı sahədə bir baş iribuynuzlu heyvan dərinliyi yeddi metr olan su quyusuna düşüb. Xilasedicilər hadisə yerinə cəlb olunublar. Onlar təxminən dörd saat davam edən əməliyyatdan sonra inəyi quyudan sağ çıxarıblar.

 

İnək quyudan çıxarılarkən sağ olsa da, zərbədən ağır xəsarətlər alıbmış. Ona görə də sahibi inəyin yaşayacağına ümid qalmadığından, ətinin halal olması üçün heyvanı dərhal kəsib.

 

Müəllif | Apa.Tv