Dövlət Gömrük Komitəsi: “İdxal olunan avtomobillərə nəzarət güclənəcək”

Aprelin 1-dən Azərbaycanda «Avro-4» standartının tətbiqi ilə bağlı bir sıra yeniliklər olacaq. Onlardan biri də avtomobillərin müvafiq qaydalara uyğun olaraq yoxlamadan keçirilməsidir. Dövlət Gömrük Komitəsi ölkəyə idxal olunan avtomobillərə ciddi nəzarət edəcək. Artıq komitə tərəfindən idxalçılarla danışıqlar aparılır.

 

APA TV-nin xəbərinə görə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, avtonəqliyyat gömrük idarəsində, gömrük laboratoriyasında bu sahə ilə bağlı xüsusi bölmə fəaliyyət göstərir: “Daha ciddi nəzarət həyata keçiriləcək, bütün idxal olunan avtomobillər, o cümlədən işlənilmiş avtomobillər əvvəllər seçmə üsulla laboratoriyadan keçirilirdisə, artıq bundan sonra işlənmiş avtomobillərin hamısı laboratoriyada yoxlanacaq”.

 

Gömrük Xidməti tərəfindən avtomobillər üçün ödəniləcək rüsumun artıb-artmayacağına gəlincə isə Aydın Əliyev bildirib ki, Dövlət Gömrük Komitəsinin üzərinə düşən büdcə tapşırığı idxal hesabına formalaşır: “Qəbul olunan qərar ekoloji vəziyyətlə bağlı, ölkədə nəqliyyat sektorunda olan vəziyyətlə bağlı, tıxaclarla bağlı, tamamilə vaxtında və düzgün atılan addımdır. O ki qaldı büdcə proqnozunun yerinə yetirilməsinə, avtomobilin idxalı yeganə sahə deyil, büdcə digər sahələr tərəfindən də formalaşır. Ümid hissi ilə baxırıq ki, artan idxal, gətirilən digər mallar hesabına biz proqnoz tapşırığını yerinə yetirə biləcəyik”.

 

Komitə sədri Azərbaycan-İran sərhədində açılması nəzərdə tutulan yeni gömrük keçid məntəqəsi barədə də danışıb. Onun sözlərinə görə, bu məsələ ilə bağlı hələlik yenilik yoxdur. 

Müəllif | Apa.Tv