Kiyev küçələri SAVAŞ MEYDANINA DÖNDÜ

Kiyevdə “Berkut” xüsusi təyinatlıları və Daxili Qoşunlar nümayişçiləri Nazirlər Kabinetinin binasının yerləşdiyi Qruşevsk küçəsindən uzaqlaşdırıb. Güc strukturlarının nümayəndələri gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər qarla doldurduqları kisələrdən və təkərlərdən 2 metr hündürlüyündə barrikada qursalar da, xüsusi təyinatlıların güclü təzyiqi nəticəsində Müstəqillik meydanına doğru geri çəkilməyə məcbur olublar. Kiyevdə atəş səsləri də eşidilir. Yaralanan fəallardan birini təcili yardım maşını aparıb.

APA TV xəbər verir ki, gərginlik davam etdiyi zaman Ukrayna prezidenti Viktor Yanukoviç ölkə vətəndaşlarını radikal müxalifətçilərin təxribatlarına uymamağa çağırıb. Dövlət başçısı bəyanatında qeyd edib ki, Kiyevdəki münaqişəni sülh yolu nizamlamaq üçün hələ imkanlar var. “Bir daha müxalifəti danışıqlar masasına keçməyə və qarşıdurmanı dayandırmağa çağırıram. Mən qan tökülməsinin əleyhinəyəm. İnsanları evlərinə qayıtmağa səsləyirəm. Biz Ukraynada sülh və sabitliyi bərpa etməliyik”. 

Viktor Yanukoviç həmçinin siyasi ekstremistlər tərəfindən Kiyevdə qızışdırılan iğtişaşlar nəticəsində baş vermiş ölüm hallarından təəssüfləndiyini bildirib.


 

Müəllif | Apa.Tv