Avropa Məhkəməsində məcburi köçkünlərin Ermənistana qarşı iddiasına baxıldı

 

Avropa İnsan Haqları Məhkəməsində azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı iddiasına baxılıb. APA TV-nin Avropa müxbirinin verdiyi məlumata görə, məhkəmə prosesində hər iki tərəfin vəkilləri çıxış edib. Ermənistanın vəkilləri iddiada cavabdeh tərəf kimi Ermənistan dövlətinin göstərilməsi ilə razılaşmadıqlarını deyiblər. Onlar bildiriblər ki, “Dağlıq Qarabağ Respublikası” tanınmamış olsa belə, özünün məhkəmə sistemi, dövlət qurumları var və iddia da “Dağlıq Qarabağ”a qarşı qaldırılmalıdır.

 

Vəkillər sübut etməyə çalışıblar ki, Ermənistanın “Dağlıq Qarabağ”la yeganə bağlılığı orada yaşayanlara bu ölkənin pasportunun verilməsindən ibarətdir. Bu isə onlara xaricə çıxış üçün şərait yaratmaq məqsədilə edilir.

 

Azərbaycanlı məcburi köçkünlərin iddialarını müdafiə edən vəkillər Malkom Şou, Urdaneta Vitek, Qabriel Lanski və Hannes Tretter isə bildiriblər ki, işğal altında olan Dağlıq Qarabağa və ətraf rayonlara faktiki olaraq Ermənistan nəzarət edir. Ermənistanın işğalçı olması, separatçı “Dağlıq Qarabağ” rejimi ilə işbirliyi barədə də sübutlar gətirilib. Vəkillər hakimlərin suallarını cavablandırandan sonra prosesdə fasilə elan olunub.

 

Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərdən “Çıraqov və başqaları Ermənistana qarşı” işinə AİHM-in Böyük Palatasında lüksemburqlu hakim Din Şpilmanın sədrliyi ilə baxılır. İclasda 21 hakim, o cümlədən AİHM-in Azərbaycandan olan hakimi Xanlar Hacıyev və Ermənistandan olan hakimi Alvina Gülümyan da iştirak edirlər. Azərbaycan tərəfini rəsmi olaraq Azərbaycanın AİHM-dəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov təmsil edir. İddiaçılardan isə iclasda Laçın rayonundan olan Akif Həsənov və Fəxrəddin Paşayev iştirak edirlər.

Bu şikayət ərizəsi Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olub.

 

Müəllif | Apa.Tv