Ağdaşda MÜƏMMALI YANĞIN

Ağdaş rayonunda fərdi yaşayış evlərindən birində müəmmalı yanğın hadisələri baş verir.

 

Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, rayonun Müşfiq İsayev küçəsi dalan 4, ev 24-də yanğın hadisəsi baş verib. Ümumi sahəsi 220 kvadratmetr olan 5 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı ümumi sahəsi 54 kvadratmet olan iki otaq içindəki əşyalarla birgə yanıb, evin qalan hissəsi alovdan mühafizə edilib.

 

APA TV-nin xəbərinə görə, ev sahibi Həmdiyyə Mövlanova bildirib ki, ailəsi ilə birgə yaşadığı evdə son bir həftədə 5 dəfə irili-xırdalı yanğın hadisələri olub.

 

Bu hadisəni görənlər təəccüblənirlər. Çünki həmin əşyalar olan yerdə elektrik naqili və ya soba yoxdur. Hadisələrin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov