Kiyevdə qarşıdurma: ETİRAZ DALĞASI BÖYÜYÜR

Kiyevin mərkəzindəki Qruşevski küçəsində etirazçıların avtomobil şinlərini yandırması nəticəsində alov yaxınlıqdakı binaya keçib.

 

Milis və fövqəladə hallar xidmətinin əməkdaşları yanğının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçiriblər. Baş verən qarşıdurmada çox sayda aksiya iştirakçısı yaralanıb.

APA TV xəbər verir ki, Kiyevdə müxalifətlə polis arasında baş vermiş toqquşmalar zamanı ölənlərdən daha birinin şəxsiyyəti müəyyənləşdirilib.

Bu, Belarus vətəndaşı Mixail Jizdnevskidir.

Jizdnevski siyasi baxışlar üzündən vətənində problemlərlə qarşılaşdığı üçün Ukraynaya köçüb. O. burada millətçi UNA-UNSO təşkilatında fəaliyyət göstərib.

O, xüsusi təyinatlıların etirazçılarla toqquşması zamanı odlu silahdan vurulub.

 

Ukrayna Daxili işlər nazirliyinin mətbuat xidməti aksiya iştirakçılarının onlara müqavimət göstərdiyini bildirib.

 

Bu arada "Zərbə” partiyasının lideri Vitali Kliçko Ukrayna prezidenti Viktor Yanukoviçi ölkədə vaxtından əvvəl seçkilərin keçirilməsinə çağırıb.

 

Kliçko Müstəqillik Meydanında keçirilən “xalq yığıncağında” çıxış edərək  Yanukoviçin vaxtından əvvəl seçkilərin keçirmədiyi təqdirdə, bunu xalqın edəcəyini bildirib.

Müəllif | Apa.Tv
Apa.tv