Lənkəranda xeyli SİLAH-SURSAT TAPILDI

Yanvarın 23-də səhər saatlarında Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Lənkəran şəhər şöbəsinin əməkdaşları Xəzər dənizi sahilində, rayonun “Dəhnə” deyilən ərazisində xeyli silah-sursat tapıblar. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının,  MTN-nin və Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları cəlb olunublar. Əraziyə kənar adamların daxil olmasının qarşısını almaq məqsədilə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Aşkarlanmış silah-sursat 4 ədəd “TM-62” markalı tank əleyhinə minadan, 2 ədəd tank mərmisindən və 80 ədədə yaxın 7.62 millimetrlik “Kalaşnikov” markal avtomat gülləsindən ibarət olub.

Hər hansı təhlükənin qarşısını almaq məqsədi ilə 1 kilometrədək ərazidə yenidən axtarış tədbirləri həyata keçirilib.

Tapılmış silah-sursat xüsusu qaydalarla zərərsizləşdiriləcək.

 

Müəllif | Apa.Tv