“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi hazırlanır

Hazırda parlamentdə “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihələri hazırlanır. Layihələr plenar iclasa tövsiyyə edilib. Bunu APA TV-yə Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin üzvü Zahid Oruc deyib. Zahid Oruc bildirib ki, Azərbaycan ordusunda qeyri-döyüş itkilərinin aradan qaldırılması üçün mühüm tədbirlər həyata keçirilməlidir. İlk növbədə çağırışçıların tibbi durumu ilə bağlı informasiya  bankı toplanmalıdır: "Mən elə hesab edirəm ki, tibbi komissiyalar ləğv olunmalıdır. Bu iş daha sistemli qaydada həyata keçirilməlidir. O cümlədən orada psixoloji olaraq, yoxlama təşkil olunsun ki, sabah onlar xidmətdə olan zaman adaptasiya oluna bilsinlər, adi çətinlik qarşısında aciz qalmasınlar".

 

Millət vəkili deyib ki, Azərbaycanın 94 sülhməramlısı Əfqanıstanda Türkiyə Silahlı Qüvvələrinə məxsus taborun nəzdində fəaliyyətini davam etdirəcək. Sülhməramlılar Əfqanıstanda teleqüllənin və içməli su anbarının mühafizəsini həyata keçirəcək. Brüsseldə keçirilən son Azərbaycan-NATO yüksək səviyyəli görüşündə Azərbaycan sülhməramlılarının Əfqanıstanda fəaliyyətini davam etdirməsi hər iki tərəfdən təsdiqlənib.

 

Müəllif | Apa.Tv