Azərbaycan prezidenti Davosta Şimon Pereslə görüşüb

Davosda səfərdə olan Prezident İlham Əliyev İsrailin prezidenti Şimon Pereslə görüşüb. Görüşdə Azərbaycan ilə İsrail arasında müxtəlif sahələrdə, o cümlədən elm, təhsil, kənd təsərrüfatı sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Baş nazir Benyamin Netanyahu ilə görüşdə isə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, o cümlədən iqtisadi, hərbi əməkdaşlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi olub.

 

Ölkə başçısı, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşüb. Görüşdə Azərbaycanda son vaxtlar gedən proseslər, iqtisadi inkişaf, qeyri-neft sektoruna göstərilən diqqət və əldə edilən nailiyyətlər, işsizliyin və yoxsulluğun aradan qaldırılması və korrupsiyaya qarşı mübarizədən məmnunluq bildirilib. Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

 

Prezidenti İlham Əliyev bundan əlavə Fransanın “Airbus Group International” şirkətinin baş icraçı direktoru Jan Pyer Talamoni ilə görüşüb. Söhbət zamanı Azərbaycanın müvafiq qurumları ilə “Airbus Group International” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə ediblər. Görüşdə  Azərbaycan ilə Fransa arasında əlaqələrin sürətlə inkişaf etdiyi bildirilib, iqtisadi sahədə, o cümlədən kosmos sənayesi sahəsində əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub.

 

Daha sonra Prezident İlham Əliyev “Holcim” şirkətinin sədri və baş icraçı direktoru Bernar Fontana ilə görüşüb. Görüşdə “Holcim” şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd olunub, yeni sement zavodunun tikintisinin holdinq ilə ölkəmiz arasındakı əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyi bildirilib. Söhbət zamanı Azərbaycan ilə İsveçrə arasında qarşılıqlı investisiyaların əhəmiyyəti qeyd olunub, bunun iqtisadi əlaqələrimizin daha da genişlənməsinə töhfə verdiyi bildirilib.

Müəllif | Apa.Tv
Apa.tv