Cavidin "Leyla"sı - TƏQDİMAT

"APA Holding"-də yazıçı Cavid Zeynallının "Leyla" romanının təqdimatı keçirilib. Təqdimatda ədəbiyyatçılar, yazıçının dostları, iş yoldaşları və digər şəxslər iştirak edib. APA TV-nin xəbərinə görə, çıxış edənlər "Leyla"nın dil və üslubundan, yazılması üçün yaranan şəraitdən, yazıçının peşəkarlığından danışıblar.

 

"APA Holding"-in prezidenti Vüsalə Mahirqızı bunları deyib: "Cavidin əsərində ən yaxşı məqam ondan ibarətdir ki, əsər səni sonuna çatmağa vadar edir. Görüm necə bitəcək! Əsərdə bir emosiya var. Süjetin özündə konfliktlər var. Bu baxımdan maraqlı əsərdir".

 

“Kulisin kitabxanası” seriyasından çap olunan romanda Azərbaycan şou biznesinin ən tanınmış bir neçə müğənnisinin obrazı yaradılıb.

“Hədəf” nəşriyyatında çap olunan romanın redaktoru Etimad Başkeçiddir.

 Kitabın qiyməti isə 5 manatdır. “Leyla” romanı yazıçının sayca ikinci romanıdır.

Müəllif isə fikirlərini belə çatdırıb: "Leyla bir müğənninin obrazıdır. Və onun timsalında mən Azərbaycan şou-biznesinin çağdaş durumunu və şou-biznes mühitində bir insanın faciəsini göstərməyə çalışmışam. Kifayət qədər həcmli romandır. 360 səhifədir".

Cavid Zeynallının ilk romanı “Günəşi gözləyənlər” 2010-cu ildə işıq üzü görüb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı