Gülər Əhmədova məhkəmədə vəkilinin yanında oturmaq istədi

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. Hakim İlqar Murquzovun sədrlik etdiyi prosesdə vəkil Əfsər Talıbov vəsatətlə çıxış edib. APA TV-nin xəbərinə görə, o, Gülər Əhmədovanın dəmir barmaqlıqlar arasında çıxarılaraq, vəkili ilə yanaşı oturmasını istəyib. Hakim isə bildirib ki, G. Əhmədovanın mühafizəsi və təhlükəsizliyi ilə Penitensiar Xidmət məşğul olur və istənilən vaxt  vəkili müdafiə etdiyi şəxslə  qanun çərçivəsində görüşə, söhbət edə bilər. Gülər  Əhmədova bildirib ki, dəmir barmaqlıqlar arasına salınması ona psixi təsir formasıdır:  “Bakı İstintaq Təcridxanasında dələduzluqda təqsirləndirilən kifayət qədər xanım var. Heç biri dəmir barmaqlıqlar arasına salınmır. Mən hər vəziyyətdə dövlətçiliyi dəstəkləyən adamam. Biz Avropa Konvensiyasına uyğun olaraq bu vəsatəti qaldırırıq”.

 

Hakim isə bu vəziyyətin daha məqsədəuyğun olduğunu qeyd edərək vəsatəti təmin etməyib. Daha sonra vəkil prosesdə audio və video yazılışın aparılması barədə vəsatət qaldırıb. Hakim deyib ki, məhkəməni bunu şouya çevirməyə ehtiyac yoxdur. Prosesdə çəkiliş aparılmamasına qərar verilib. G. Əhmədova daha sonra ibtidai istintaq aparan müstəntiqin məhkəməyə gəlməsini istəyib.

 

Proses davam edir.

 

Müəllif | Apa.Tv