Azərbaycan prezidenti: "Azərbaycan regionda enerji layihələrinin təşəbbüskarı olub”
Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya - yeni sərhədlər” mövzusunda sessiya keçirilib. APA TV-nin xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev sessiyada iştirak edib. Sessiyanın əsas məqsədinin regionla bağlı yeni məlumatlar əldə etməkdən ibarət olduğunu diqqətə çatdıran aparıcı tədbirə qatılanların əksəriyyətinin ötən ilin aprel ayında Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda keçirilən Dünya İqtisadi Forumunda iştirak etdiyini bildirib və Cənubi Qafqazı maraq doğuran region adlandırıb.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan regional əməkdaşlığın gücləndirilməsi üçün böyük işlər görür. Dövlət başçısının sözlərinə görə, Azərbaycan regionda enerji layihələrinin təşəbbüskarı olub və bu, geniş regional əməkdaşlığa öz töhfəsini verib: “İlk olaraq, neft boru kəmərini qeyd etmək istəyirəm. Bu layihə regional tərəfdaşlar qismində Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirdi. Layihə başa çatdıqdan sonra Mərkəzi Asiya dövlətləri onun tranzit imkanlarından bəhrələnməyə başladılar. Burada biz görürük ki, bütün iştirakçı dövlətlər layihədən faydalanırlar. Onlar yeni bazarlara çıxış və yeni ixrac marşrutları əldə edirlər. Əslində Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqilliyinin bərpa olunmasından sonra enerji amili regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edib”.
Prezident İlham Əliyev deyib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əməkdaşlıq da artmaqdadır. Azərbaycanin dövlət başçısının sözlərinə görə, bu ölkələrdə ümumi daxili məhsulun artımı dünya üzrə orta göstəricilərdən daha çoxdur: “Düşünürəm ki, 22 il əvvəl Sovet İttifaqı adlanan böyük bir ailənin üzvləri hesab olunan ölkələr arasında əməkdaşlığı gücləndirmək uçun siyasi iradə mövcuddur. Bu gün bu ölkələr müstəqildir və hər bir dövlət özü üçün həm siyasi, həm də iqtisadi inkişaf yolu müəyyən edib, iqtisadi potensialdan qaynaqlanan sosial proqramlar həyata keçirir. Ancaq regional əməkdaşlıq əlavə fürsətlər də yaradır, daha münbit biznes və sərmayə mühitinin yaradılmasını təşviq edir”.
Prezident bildirib ki, hazırda Azərbaycan üçün əsas prioritet nəhəng enerji layihələrinin, öüsusilə, ötən ay icrasına başlanılan “Şahdəniz-2” layihəsinin icrasıdır: “Layihəyə əsasən, iki qaz boru kəməri inşa ediləcək - biri Türkiyə ərazisindən, digəri isə Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya istiqamətlənəcək. Biri Trans-Anadolu, digəri isə Trans-Adriatik kəməri adlanır. Bu iki layihə nəhəng yataqlardan təbii qazın nəqlini nəzərdə tutur və bu, Avropanın ən iri infrastruktur layihəsi olacaq”.
Prezident İlham Əliyev deyib ki, daha bir vacib layihə Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək dəmir yolu layihəsidir. Bu, Avropanı və Asiyanı birləşdirəcək layihədir və yeni “İpək yolu” hesab olunur. Dövlət başçısı ümid etdiyini bildirib ki, dəmir yolu xətti 2015-ci ildə istifadəyə veriləcək.