Prezident İlham Əliyev Həsən Ruhani ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyev Davosa səfəri çərçivəsində bir sıra rəsmi görüşlər keçirib.
APA TV-nin xəbərinə görə, Azərbaycan prezidentinin İran İslam Respublikasının prezidenti Həsən Ruhani ilə görüşündə Azərbaycanla İran arasında ümumi tarixi-mədəni köklərin mövcudluğu xüsusi vurğulanaraq ölkələrimizin və xalqlarımızın qonşuluq və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu bildirilib. Ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, mədəniyyət və digər sahələrdə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin və regional əməkdaşlığın daha da gücləndirilməsi üçün hər iki tərəfin səylərinin artırılacağına əminlik ifadə edilib.
Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalterlə də görüşüb. Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edilib. Siyasi, iqtisadi, energetika, sərmayə qoyuluşu, tikinti və bank sektorunda əməkdaşlığın böyük potensiala malik olduğu bildirilib və bu sahələrdə əlaqələrin daha da genişlənəcəyinə əminlik ifadə olunub.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Azərbaycan prezidentinin Niderland Krallığının baş naziri Mark Rutte ilə görüşündə ölkələrimiz arasında fəal iqtisadi əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı potensialın olduğu bildirilib, investisiyaların qoyuluşunun iqtisadi əlaqələrin gücləndirilməsinə xidmət etdiyi diqqətə çatdırılıb, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirilməsinin önəmi vurğulanıb.
Prezident İlham Əliyev ötən gün Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab, “Hewlett-Packard” şirkəti idarə heyətinin üzvü xanım Ann Livermor, “GDF Suez” şirkətinin baş icraçı direktoru Jerar Mestrale ilə də görüşüb.