Ermənilər TOVUZDA AZƏRBAYCANLI QADINI GÜLLƏLƏYİBLƏR
Ermənistan silahlı qüvvələri Ermənistan Respublikasının Berd rayonu ərazisindən Tovuz rayonunun Əlibəyli kəndini yenidən şiddətli atəşə tutub. Axşam saatlarından başlayan atəş gecə saatlarına qədər davam edib. Atəş əsasən, iri çarplı silahlardan atıldığından kənd sakinlərinin evlərinə ciddi ziyan dəyib. Düşmən güllələrinə hədəf olmaqdan çəkinən kənd sakinləri gecə olmasına baxmayaraq, evlərin işıqlarını yandırmayıb, maşınları işıqsız hərəkət etdirmək məcburiyyətində qalıblar.
Atəşkəsin pozulması nəticəsində kənddəki evlərdən birində yaşayan 1 uşaq anası, 37 yaşlı Hüseynova Ruhiyyə Əhməd qızı ayaq nahiyəsindən yaralanaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Tovuz rayonu İH-nin Əlibəyli kəndi üzrə nümayəndəsi Valeh Rzayevin APA TV-yə verdiyi məlumata görə, yandırıcı trasser güllələrdən açılan atəş nəticəsində qeyd olunan evdə yanğın başlayıb, lakin tez bir zamanda söndürülüb.
Əlibəylidə evlərin dam örtüyü və pəncərələrində güllə izləri var. Kənd sakinləri bildirirlər ki bir aydır ki, Ermənistan ordusu kəndi mütəmadi olaraq atəşə tutur.
Rəfiqə İbrahimovanın evi də düşmən gülləsinə tez tez tuş gəlir. Bu dəfə atılan gullə eviə ziyan vurub. Pəncərədən girən güllə qapıya dəyərək istiqamətini dəyişib və yatağa düşüb.
Qeyd edək ki, Əlibəyli Tovuz rayonunun düşmənlə təmas xəttinə ən yaxın kənddir.