Fövqəladə hallarda özünü necə aparmalı - TƏLİM

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Yasamal rayonunda 21 nömrəli orta məktəbdə "Fövqəladə hallarda özünü necə aparmalı?" mövzusunda maarifləndirmə tədbiri keçirilib.

  

APA TV xəbər verir ki, FHN-in Bakı Regional Mərkəzinin zabitləri şagirdlərlə birlikdə fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, məişətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizliyin təmin edilməsi, sel və daşqınlar, yol qəzaları, partlayışlarla bağlı və “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır” mövzularında izahat veriblər. Tədbirdə Fövqaladə Hallar Nazirliyinin fəaliyyətindən bəhs edən video-çarx nümayiş olunub.

 

Təlimin praktik hissəsində FHN-in istifadəsindəki avadanlıqlar nümayiş olunub. Xüsusi riskli axtarış və qəza xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıqların təyinatı, onların iş prinsipləri, fövqəladə hallar zamanı ilkin tibbi yardım göstərilməsi barədə məlumat verilib. Şagirdlər həmçinin, praktiki olaraq axtarış xilasetmə əməliyyatı üzrə praktik təqdimatı və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın söndürmə prosesini izləyiblər.

 

Müəllif | Apa.Tv