"Sığortaolunanın onlayn uçota alınması" xidməti istifadəyə verildi

Dövlət Sosial Müdafiə Fondu yeni "Sığortaolunanın onlayn uçota alınması" adlı elektron xidməti istifadəyə verib. APA TV-nin xəbərinə görə, Təqdimat mərasimində çıxış edən fondun sədri Elman Mehdiyev bildirib ki, Azərbaycanda müasir avtomatlaşdırılan əsaslarla fəaliyyət göstərən sığorta pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində hazırda Fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 19-a çatıb. Onun sözlərinə görə, elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb.

 

Yeni xidmət barədə məlumat verən fond sədri vurğulayıb ki, bu xidmət vasitəsi ilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirmək mümkündür. Əvvəllər əmək fəaliyyətinə yenicə başlamış vətəndaş sosial sığorta şəhadətnaməsini almaq üçün işəgötürən əmək müqaviləsini imzaladıqdan sonra lazımi sənədlərin siyahısını şəxsən Fonda təqdim etməli idi.

 

Bundan sonra isə hər bir işəgötürən öz əməkdaşları üçün bu şəhadətnamələri öz ofisindən çıxmadan rəsmiləşdirmək imkanı əldə edir. Onun sözlərinə görə, bu xidmətin tətbiqi vətəndaşlara öz vaxtına qənaət etməyə və şəffaflığı artırmağa imkan verəcək. Daha sonra yeni elektron xidmətdən istifadə qaydaları nümayiş etdirilib.

 

Müəllif | Apa.Tv