BQXK nümayəndəsi Suriyada döyüşən azərbaycanlılardan danışdı

 

"Azərbaycan və Ermənistan sərhədində atışma olan ərazilərdə BQXK-nin nümayəndəsi yoxdur".

APA TV-nin xəbərinə görə, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duran deyib. Onun sözlərinə görə, adətən bu təşkilat cəbhə bölgəsinə gedəndə hər iki tərəf BQXK-nin nümayəndəsinin orada işləməsi barədə xəbərdarlıq edilir və bunun nəticəsində atəşkəs əldə olunur: "Son zamanlar baş verən gərginliyi bir izləyirik və təbii ki, insan itkisi təəssüf doğurur. Həmin gərginlik olan icmalarda iştirak etməməyimizi baxmayaraq, icma nümayəndələri və hakimiyyət orqanları ilə əlaqə saxlayırıq və vəziyyəti izləyirik. Vəziyyət stabilləşəndən sonra həmin ərazilərə baş çəkmək fikrindəyik. Atışmanın gərgin olduğu vaxtlarda adətən BQXK həmin ərazidə olmur".

 

Deniz Duran Suriyadakı döyüşlərdə həyatını itirmiş 100-dək azərbaycanlı ilə bağlı məsələyə də münasibət bildirib. O, orada döyüşən azərbaycanlılarla bağlı məsələni mətbuatdan izlədiklərinin qeyd edib: "Bir ailə üzvü Suriyadakı yaxını ilə əlaqə saxlamaq üçün bizə müraciət edib. Biz oradakı nümayəndəliyimizlə əlaqə saxlayaraq, nə edə biləcəyimizi aydınlaşdırdıq. Məlum oldu ki, müharibədə iştirak edən xarici ilə onun ailəsi arasında əlaqələrin bərpa edilməsi xidmətini göstərə bilmərik".

 

Onun sözlərinə görə, bu məsələ ilə bağlı iş mühiti çox mürəkkəbdir.

 

 

Müəllif | Apa.Tv