Azərbaycanda qeyri-dövlət pensiya fondları yaradılacaq

Azərbaycanda qeyri-dövlət pensiya fondlarının yaradılması üçün qanunvericilik bazası hazırlanır. APA TV-nin xəbərinə görə, Dövlət Sosial Müdafiə Fondun sədri Elman Mehdiyev bildirib ki, bunun üçün Avropa Birliyi ilə əməkdaşlıq çərçivəsində "Tvinninq" layihəsi hazırlanıb, təsdiqlənib və  icraçı təşkilatlar seçilib: "Yaxın aylarda Azərbaycanla Avropa Birliyi arasında bu layihənin imzalanma prosesinin başa çatmasını gözləyirik. Bundan sonra layihənin reallaşdırılmasına start veriləcək. Layihənin reallaşdırılması istər dövlət pensiya sistemində yığım komponentinin tətbiqi, istərsə də qeyri-dövlət institutlarının yaradılmasına qanunvericilik əsasında formalaşdıracaq".

 

Fondun sədri bildirib ki, ilk növbədə istər dövlət pensiya sistemində yığım komponentinin tətbiqi, istərsə də qeyri-dövlət pensiya fondlarının yaradılmasının kənar amillərdən asılılığı mövcuddur: "Burada əsas məsələ vətəndaşın fərdi hesabında real toplanan pul vəsaitinin gələcəkdə, uzun müddətdən sonra, onun pensiyaya çıxacağı vaxta qədər bazar təsirləri, inflyasiya risklərindən, maliyyə bazarının mənfi tendensiyalarından qorunmasıdır. Ona görə də qeyd edilən komponentlərin tətbiqi ölkədə maliyyə bazarının inkişafını qabaqlamadan reallaşdırmalıdır".

 

Onun sözlərinə görə, qlobal maliyyə böhranı və Fondun təcrübəsi göstərib ki, bir çox ölkə məcburi yığım komponentindən imtina edib.

 

Müəllif | Apa.Tv