BQXK: Azərbaycanda 1 əsir və 5 internə olunmuş mülki şəxs var

"İtkin düşmüş şəxslərin tapılması ilə bağlı bioloji nümunələrin toplanması prosesi 2014-cü ilin ortalarında bitəcək".

 

APA TV-nin xəbərinə görə, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duran məlumat verib. Onun sözlərinə görə, bu, böyük bir layihədir: "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə razılıq əsasında bu nümunələrin ağız suyundan götürülməsinə qərar verilib. 3 ay ərzində pilot layihə başlayacaq və bu prosesdə Bakıdan 100 ailə iştirak edəcək. İtkin düşmüş şəxslərin yaxın qohumlarından bioloji nümunələr götürülərək xüsusi laboratoriyalarda toplanacaq. Layihə bu ilin ortalarında bitəcək".

 

Beynəlxalq təşkilat rəsmisi həmçinin əsir və itkin düşmüş şəxslər barədə rəqəmləri də açıqlayıb. Onun sözlərinə görə, Azərbaycanda 1 hərbi əsir və 1 ailənin üzvü olan 5 internə olunmuş mülki şəxs var: "Onlara sonuncu dəfə yanvarın 22-də baş çəkilib. Ermənistanda isə azərbaycanlı əsir yoxdur. Bundan başqa, Beynəlxalq Qızıl Xaç Komitəsində 3765 nəfər itkin düşmüş şəxs qeydə alınıb. dövlət komissiyasında isə bu rəqəm 4035 nəfərdir. Rəqəmlər arasında fərqin olmasına səbəb isə qeydiyyat kriteriyalarının müxtəlif olmasıdır".

 

Deniz Duran bildirib ki, iki qurum arasında siyahıların uyğunlaşdırılması işi aparılır və bu rəqəm minimuma endirilib.  Ümumilikdə isə Ermənistan və Azərbaycandan 4600-ə yaxın şəxs itkin düşmüş kimi qeydiyyata alınıb.

 

Müəllif | Apa.Tv