Fransada TÜRK SİYASƏTÇİ ERMƏNİ JURNALİSTİ MƏHKƏMƏDƏ UDUB

Fransada yaşayan türk əsilli siyasətçi Sırma Oran Martz erməniyə qarşı qaldırdığı məhkəmə iddiasını udub. Məhkəmənin qərarına əsasən, erməni diasporunun nümayəndəsi Laurent Leyləkyan bir il şərti həbs cəzasına məhkum edilib və 4 min 500 avro cərimələnib. Erməni tərəfin vəkillərinin apelyasiya şikayəti təmin edilməyib.

 

APA TV-nin xəbərinə görə, Lyon-Villeurbane şəhərində yaşayan Sırma Oran-Martz 2008-ci ildə Yaşıllar Partiyasından seçkilərə qatılıb. Partiya Sosialist Partiyası ilə ittifaq qurduqdan sonra bu partiyanın bələdiyyə sədri Jan Pol Bret Oran-Martzı siyahıya almaq üçün ondan  qondarma "erməni soyqırımı"nı tanımasını şərt olaraq irəli sürüb. Buna görə partiyadan çıxan türk əsilli qadın Jan Pol Breti məhkəməyə verib. Bununla əlaqədar Laurent Leyləkyan rəhbərlik etdiyi “France-Armenie” qəzetində sərt bir yazı yazıb. "Martz hücum edir" başlıqlı yazıda "soyqırımı" inkar edən bütün türklərin bəşəriyyətə utanc olduğu, cəmiyyətdən təmizlənməli olduqları, Sırmanın Ankara cəsusu olduğu iddia edilir. Bu fikirlərlə bağlı Leyləkyanı məhkəməyə verən Sırma Oran Paris Məhkəməsində ilk məhkəmə işini udub. Yanvarın ortalarında isə Leyləkyanın apelyasiya şikayəti təmin edilməyib. İlk qərarla 4 min 500 avro cərimələnən və 1 illik şərti cəza alan Leyləkyan 5 il ərzində bu cinayəti bir daha törədərsə, həbs ediləcək. Məhkəmənin digər qərarına əsasən, Leyləkyan Oranın vəkilinin xərclərini təmin etmək üçün 5 min 500 avro ödəməlidir. Məhkəmədən sonra Sırma Oran ümid etdiyin bildirib ki, bu qədər ucuz hərəkət edən insanlar məhkəmə qərarından lazımi dərs çıxaracaqlar.

 

Müəllif | Apa.Tv
Apa.tv