Taksi sürücüsünü döyüb, maşınını əlindən aldılar

Quba-Xaçmaz yolunun Yürgüc kəndi ərazisində taksi sürücüsünün maşını qaçırılıb. Naməlum şəxs taksi fəaliyyəti ilə məşğul olan Xaçmaz şəhər sakini, 61 yaşlı Hümbətov Qədimalı Ağa oğlunun avtomobilinə oturaraq, Yergüc kəndi istiqamətinə sürməyi xahiş edib. Kəndə çatanda sərnişin bildirib ki, o Barisbol adlanan gölə getmək istəyir və avtomobili meşənin içərisinə sürdürüb. Sürücü Qədimalı Hümbətovun bildirdiyinə görə, burada həmin şəxs qəfildən onu boğmağa başlayıb. Həmin şəxslə əlbəyaxa olan sürücü xəsarət alıb. Sürücünün sözlərinə görə, təxminən 30-35 yaşlarında olan şəxs 10 UL 774 dövlət qeydiyyat nişanlı "VAZ 21 07" markalı avtomobili alıb hadisə yerindən qaçıb.

 

Xaçmaz Mərkəzi rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilən sürücüyə bel fəqərələrinin gərilməsi diaqnozu qoyulub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Xaçmaz rayon Polis Şöbəsindən APA TV-yə bildirilib ki, hadisəni törədən şəxsin kimliyi müəyyənləşməyib. Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
 

Müəllif | Apa.Tv
Vəli Turan