Azərbaycana 1 milyard 880 milyon manatlıq maşın gətirilib

Azərbaycanın Avro-4 standartlarına keçməsi ölkəyə avtomobillərin idxalı xüsusi qaydalarla həyata keçiriləcək. Yeni qaydalara görə, hətta "Avro-4" standartına cavab vermən avtomobillər də ölkəyə buraxılmaya bilər. APA TV-nin xəbərinə görə, SMPDK sədri Ramiz Həsənov deyib ki, 2005-ci ilin avtomobili tələblərə cavab verməyə və ölkəyə buraxılmaya bilər: "Kim bu avtomobilləri alır, o ölkədə onun tullantılarını yoxlatsın".

 

Komitə sədri Azərbaycanın birdənbirə "Avro-2"-dən "Avro-4" ekoloji standartına keçməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, 2011-ci ildə ölkəyə «Avro-3» standartına cavab verən 64 min avtomobil gətirilib ki, bunun da 27 mini işlənmiş maşın olub: "Ötən il isə 100 mindən artıq maşın idxal olunub və bunun 50 min ədədi işlənilmiş avtomobildir. İl ərzində bir milyard 880 milyon manat əhali tərəfindən avtomobillərin idxalına pul xərclənib".

 

Komitə sədri bildirib ki, aprelin 1-dən tətbiqi planlaşdırılan «Avro-4» standartı ilkin mərhələdə yalnız minik avtomobillərinə şamil olunacaq. Gələcəkdə isə bu, dəmir yolundakı lokomotivləri, dizel mühərrikli maşınları da əhatə edəcək.

 

Hazırda dövriyyədə olan avtomobillərin taleyinə gəlincə isə, bu məsələlərə baxılması mümkündür.

 

Müəllif | Apa.Tv