Nazirlər qəbul keçirdilər

Yanvarın 24-də ədliyyə naziri Fikrət Məmmədov Qəbələ Mədəniyyət  Mərkəzində  Oğuz, İsmayıllı, Qəbələ və digər ətraf rayonlarda yaşayan vətəndaşların qəbulunu keçirib. APA TV-nin məlumatına görə, qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlərlə bağlı vətəndaşlar dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlər də dinlənilib, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub. Nazir Qəbələ rayon Məhkəməsi üçün tikilən müasir inzibati binanın təməlqoyma mərasimimndə də iştrak edib. 

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə Lənkəranda cənub bölgəsindən olan vətəndaşları qəbul edib. Qəbul zamanı Lənkəranla yanaşı, Lerik, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarından ümumilikdə 100 nəfərə yaxın sakinin müraciətləri dinlənilib. Müraciətlərdə ünvanlı dövlət sosial yardımlarının təyinatı və əlillik dərəcələrinin verilməsi, mənzil, maşın və reabilitasiya vasitələri ilə təmin olunma, məşğulluğun təminatı və s. məsələlər üstünlük təşkil edib. Nazir S.Müslümov müraciətlərdə qaldırılan məsələlərin araşdırılaraq konkret tədbirlər görülməsi və nəticəsi barədə nazirliyin rəhbərliyinə və vətəndaşlara məlumat verilməsi barədə aidiyyatı strukturların rəhbərlərinə göstəriş verib. Sonda ehtiyacı olan 5 nəfər vətəndaş əlillik arabaları ilə təmin olunub.

 

 

Müəllif | Apa.Tv