Ölüm saçan yollar: maşınlar niyə aşır?

Avtomobil yollarında demək olar ki, hər gün ölümlə və ağır xəsarətlərlə nəticələnən qəzalar baş verir. Tez-tez hansısa bir rayonda avtomobil yoldan çıxaraq aşmasını eşidirik.  Bu kimi xəbərlər daha çox Bakı-Kürdəmir -Yevlax və Ağsu-Qaraməryəm-Göyçay magistral yolunda gəlir. APA TV-nin əməkdaşları yeni inşa edilən Ağsu-Qaraməryəm-Göyçay-Ağdaş-Yevlax avtomobil yolunda müşahidə aparıb. Məlum olub ki, yolun bir çox hissəsi torpaq səviyyəsindən 2-5 metr, bəzi yerlərdə isə hətta 7-8 metr hündürlüyə qaldırılıb.

 

Elə bu yaxınlarda Göyçayın Mirzəhüseynli kəndində yoldan çıxaraq, evin divarını dağıdan, hasarı və darvazanı aşıran maşında iki nəfərin ölməsi barədə xəbər yayılıb. Yolun kənarlarına təhlükəsizlik üçün qoruyucu metal məhəccərlər qoyulmayıb. Bu səbəbdən də yolda hərəkət edən minik və yük avtomobillərinin qarşısına qəflətən maneə çıxdıqda sürücü onu vurmamaq üçün maşını kənara çəkir, idarəetməni itirərsə avtomobilin aşması qaçılmazdır.

 

Ağsu-Qaraməryəm-Göyçay-Ağdaş-Yevlax yolu bir çox yerdə dərinliyi hətta 10 metrdən çox olan daşlıq ərazidən və sel suları ötürücüsünün üzərindən keçir. Həmin yerlərdə də yolun kənarları açıqdır, yəni qoruyucu istinad divarlarının və ya dəmir məhəccərlərin olmaması səbəbindən bu ərazilər böyük təhlükə mənbəyi hesab edilir. Yolun hər iki kənarına 2 metr enində xırda daşların döşənməsi isə yolu daha çox sürüşkən edir. Hətta 90 kilometr sürətlə hərəkətdə olan maşın qarşısına çıxan maneəni vurmamaq üçün  yolun kənarına çıxan  zaman qəflətən həmin xırda daşların üstünə çıxdıqda sürücü idarəetməni itirir və əyləcə basdıqda avtomobil yoldan aşağı düşür.   

 

Azəryolservis ASC-nın mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev APA TV-yə deyir ki, sözügedən magistral yollarda əsaslı təmir tikinti işləri aparılır və bu magistrallar dünya standartlarına uyğun yenidən qurulur: "Layihənin müfəssəl planında bəzi kamunal xətlər səbəbindən bir sıra ərazilərdə 40 sm. bəzi yerlərdə isə 1 metrə kimi yol hündürləşdirilib. Bu isə ondan irəli gəlir ki, həmin magistralın ətrafı yaşayış yerləridir və ordan piyadaların və mal qaranın keçməsi üçün yeraltı keçidlər qoyulub. Layihələndirilmə zamanı bütün qabarıqlar, çökük və əyrilər tikinti norma və qaydalarına əməl edilməklə həyata keçirilir".

 

Pünhan Mürsəliyev  onu da bildirib ki, sözügedən yollarda təmirtikinti işləri tam başa çatmadığından magistralın ətrafında hər hansı bir abadlıq işlərinin aparılması qeyri mümkündür. Nə zaman ki, yolun çəkilişi tam başa çatacaq o zamanda layihəyə əsasən həmin yollarda yaranan təhlükə aradan qalxacaq.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov