Qaraçuxurda dəhşətli yanğın: ÜÇ EV KÜLƏ DÖNDÜ

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində güclü yanğın hadisəsi baş verib. Yanğın Kamil İsmayılov küçəsi, 17 ünvanında qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Suraxanı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Alov qonşuluqdakı üç evə keçdiyindən yanğının miqyası böyüyüb, bu səbəbdən əraziyə ehtiyat qüvvələr çağırılıb. Hadisə nəticəsində ümumi sahəsi 220 kvadratmetr olan 3 ev yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın qısa bir zamanda söndürülüb və güclü alovun dördüncü evə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Qonşuların sözlərinə görə, yanğına sərxoş qəsəbə sakininin evdə elektrik sobasını işlək vəziyyətdə qoyması səbəb olub. Yanğının baş vermə səbəbləri araşdırılır.

 

Müəllif | Apa.Tv