Ərdoğanın oğlu istintaqa ifadə verməyə razılaşdı! – KORRUPSİYA QALMAQALI

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın oğlu Bilal Ərdoğan istintaqa ifadə verməyə hazırdır. APA TV-nin məlumatına görə, bu barədə Bilal Ərdoğanın vəkili açıqlama yayıb. Vəkil bildirib ki, baş nazirin oğlu korrupsiya ilə bağlı ittihamları rədd edib və haqlı olduğunu isbatlamaq üçün istintaqla əməkdaşlıq etməyə hazırdır. Türkiyə prezidenti Abdullah Gül də Bilal Ərdoğanın istintaqla əməkdaşlıq niyyətinə münasibət bildirib. Jurnalistlərin suallarını cavablandıran prezident bildirib ki, Bilal Ərdoğanın bu addımını müsbət dəyərləndirir: “Çox gözəl açıqlamadır. Əgər bizə qarşı korrupsiya faktları ilə bağlı ittiham varsa, ifadəmizin alınmasına ehtiyac varsa, istintaqla əməkdaşlıq hazıram deyib. Çox gözəl qərardır”.

Qeyd edək ki, Türkiyədə vüsət alan korrupsiya qalmaqalında baş nazirin oğlunun da adı hallanır. Lakin Bilal Ərdoğan ittihamları əsassız hesab edərək istintaqa ifadə verməkdən boyun qaçırmışdı. Hakim partiyanın millət vəkilləri Bilal Ərdoğanın istintaqa çağırıldığı barədə xəbərləri təkzib etsə də, CHP fraksiyasının rəhbəri Mühərrem İncə parlament kürsüsündən çağırış vərəqəsinin surətini nümayiş etdirib. Bundan sonra AKP və CHP millət vəkilləri arasında başlayan yumruq davasında bir müxalifət təmsilçisi yaralanıb.

 

Müəllif | Apa.Tv
Apa.tv