Ukrayna müxalifəti daha bir nazirliyi ələ keçirdi – QANLI TOQQUŞMALAR

Kiyevdə müxalifət fəalları Ukrayna Enerji və Kömür Sənayesi Nazirliyinin binasını ələ keçirib. Bu barədə yerli “5-ci kanal”a məlumat verən “Ümumi iş” adlı təşkilatın koordinatoru Aleksandr Danilyuk bildirib ki, nazirliyin mühafizə xidməti fəallara müqavimət göstərməyib. Bundan əvvəl “Ümumi iş”in fəalları Aqrar Siyasət Nazirliyinin binasını da ələ keçirib. Hər iki bina Müstəqillik meydanının yaxınlığında, Kreşşatikdə yerləşir.


Enerji və kömür sənayesi naziri Eduard Stavitskiy binanın tutulması barədə yayılan xəbərlərin düz olmadığını deyib. Onun sözlərinə görə, binaya daxil olan nümayişçilər onunla danışıqlar apardıqdan sonra binanı tərk ediblər.

Bundan əlavə müxalifət qüvvələri Vinnitsa vilayət şurasının binasını da ələ keçirib. Müxalif “Batkivşina” fraksiyasının üzvü, deputat Andrey Şevçenko bildirib ki, binada partlayış səsləri eşidilib, gözyaşardıcı qazdan istifadə olunub. Toqquşmalar zamanı yaralanan şəxslərdən biri ölüb. Həkimlər 45 yaşlı Roman Senikin həyatını xilas etməyə çalışsalar da, yaraları ağır olduğundan onu xilas etmək mümkün olmayıb.

Baş verən son hadisələrlə bağlı Ukrayna daxili işlər naziri Vitali Zaxarçenko sərt çıxış edib. İqtidarla müxalifət arasında əldə olunmuş anlaşmaların pozulduğunu deyən nazir qeyd edib ki, Kiyevdəki son hadisələr göstərir ki, münaqişəni silahlı qarşıdurma olmadan, sülh yolu ilə həll etmək cəhdləri boşa çıxır. Onun sözlərinə görə, gecə saatlarında hüquq-mühafizə orqanlarının müxalifət liderləri ilə apardığı danışıqlar nəticəsiz qalıb. O qeyd edib ki, müxalifət liderləri ölkə vətəndaşlarını təhlükəyə atır və millət vəkillərinin onlarla danışıqları heç bir müsbət irəliləyişə gətirib çıxarmayıb.

Nazir xüsusilə vurğulayıb ki, gün ərzində bir polis əməkdaşı başından güllələnərək qətlə yetirilib, üçü isə meydanda olan nümayişçilər tərəfindən həbs edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv