Savadsız aşpazların bişirdiyi bahalı yeməklərin gerçək tərkibi – XÜSUSİ REPORTAJ

"Azərbaycandakı aşpazların 70 faizinin savadı yoxdur. Restoranlara gedin, ən yaxşı, ən böyük otellərə girin. Görün iki aşpazın aşpazlıq savadı varmı. Görün baş aşpazın savadı necədir? Ona görə də, restoranlara girmək olmur". Aşpaz təhsilinin dünyada ən bahalı təhsil olduğunu deyən Tahir Əmiraslanov bu sənətin 5 ilə öyrədildiyini deyir. Azərbaycanda isə 3 aylıq kursdan keçənlər aşpazlıq edir.

”Hətta biz onu bəlkə məhkəməyə də verdik. Həkimin təhsilindən aşpazın təhsili bahadır. Parisdə aşpazın bir illik təhsili 40 min avrodur. 20 min avro da orada yaşamağa ayrılır. Deməli, burdan gedən aşpaz 60 min evroya təhsil alıb qayıdır. Ən ucuz təhsillərdən biri Liondadır. İli 9 mindir 3 ilə aşpaz hazırlayır. Bunun 3 ayını aşpaza alma doğramağı öyrədir”.

Tahir Əmiraslanov deyir ki, yaxşı xörək bişirən xanımı evdən gətirib aşpaz qoymaq olmaz: “O, camaatı zəhərləyəcək. Televiziyalar da onun ardınca gedir. Təsəvvür edin, xəstəxanada yox, öz evində 12 uşaq doğmuş, özü göbəyini kəsmiş, özü böyütmüş gözəl bir anamız var. Onu ginekoloq qoymaq olarmı? Ginekoloq olmaq üçün 11 il oxumaq lazımdır. Amma evdar xanımı götürüb aşpaz qoyurlar”.

Tahir Əmiraslanov yeməklərin keyfiyyətisizliyinin əsas səbəbini aşpazların təhsilsiz olmasında görür. Deyir ki, savadsız aşpazların ucbatından yeməkləri baha qiymətə verirlər: “Azərbaycanın ən gözəl otellərində aşpazlar şorbanı, yaxud da bulyonu, işgərəni yaxşı hazırlaya bilmədikləri üçün bulyon, ya da şorba kubiklərindən istifadə edirlər. Qiyməti 5-7 qəpiyə başa gələn şorbanı sizə 8-12 manata sırayırlar. Sizdə alıb orada oturub elə bilirsiniz ki, yaxşı aşpazlar gözəl xidmət edir”.

Baş kulinar bildirir ki, hər bir oteldə və restoranda ən azı 3-4 nəfər usta aşpaz olmalıdır. Ancaq təəssüflər olsun ki, heç 3-cü dərəcəli aşpaz belə yoxdur. Onun sözlərinə görə, xaricdən gətirilən aşpazların da dərəcələri olmur. Millətin üzərində eksperiment aparırlar. Bu işdə televizyaların da günahının olduğunu deyən Tahir Əmiraslanov yemək proqramlarını hazırlayanların mütəxəssis olmadığını qeyd edir.

“Biz bir iki televizyada verilişi dayandırdıq. Birini də məhkəməyə verdik, udduq. İndi gərək kanalların hamısını məhkəməyə verək. Gəlin burda verilişdə nə olacaq, xəbər verin, rəy verək. Biz vaxtımızı buna həsr etməyə hazırıq”.

Tahir Əmiraslanov deyir ki, Azərbaycanda savadlı aşpazlar yetişdirən məktəb açmaq imkanları genişdir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı isə deyib ki, komitə ancaq qidanın keyfiyyətinə nəzarət edir. Keyfiyyətsiz olduğu halda sahibkar cərimə olunur. Aşpazların təhsilli olub-olmadığına gəlincə, Fazil Talıblı bildirib ki, burada məsuliyyət işə götürənin üzərinə düşür: “Savadlı aşpazla işləmək müştəriləri daha çox cəlb etməyə imkan verir. Odur ki, aşpazları işə götürən sahibkar daha yaxşı düşünməlidir”.
 

Müəllif | Apa.Tv
Almaz Qasımova