Azərbaycanda PULLU YOLLAR istifadəyə veriləcək
"Ödənişli yollar dünyanın hər yerində var və yaxın gələcəkdə Azərbaycanda da reallaşması mümkün olacaq." Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov APA TV-yə bildirib ki, Azərbaycanda İpək yoluna paralel yeni avtomobil yolu çəkiləcək və bu yol ödənişli olacaq, bu məsələ Azərbaycan Nəqliyyat Nazirliyinin ödənişli yollara dair həyata keçirməyi nəzərdə tutduğu layihələr arasında yer alıb. Nazirlik sözçüsü deyib ki, ödənişli yolların çəkilməsi magistral yollarda nəqliyyatın sıxlığını da nisbətən aradan qaldıracaq. Belə ki, həmin yollarda maksimal sürət həddi olacaq və mənzil başına tez çatmaq istəyən sürücülər müəyyən məbləğ ödəməklə həmin yolla daha rahat hərəkət edə biləcəklər. Sözü gedən yolların nə zaman çəkilərək istifadəyə verilməsinə gəlincə Namiq Həsənov qeyd etdi ki, həmin yolun nə zaman yekunlaşmasını dəqiq demək hələ mümkün deyil. Çünki bu işlər mərhələli şəkildə aparılır. Hazırda 2014-2015 ci illər ərzində orda işlərin aparılması nəzərdə tutulur. Namiq Həsənov onu da bildirib ki, Nəqliyyat Nazirliyi hansı yolların pullu olması və buna nə qədər ödəniş edilməsi istiqamətində araşdırmalar aparır.