Azadlıq prospektində “Opel”, "Hyundai Tucson" və "Mercedes” toqquşdu

Bakının Nəsimi rayonunda üç maşınının toqquşması ilə nəticələnən yol qəzası baş verib. APA-nın xəbərinə görə, Azadlıq prospekti ilə "28 May" metro stansiyasına doğru hərəkət edən "Opel Astra" markalı avtomobil qarşıda gedən "Hyundai Tucson" və "Mercedes Benz"lə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib.

Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsindən APA-ya verilən məlumata görə, qəzaya "Opel Astra" markalı avtomobilin yağışlı hava ilə əlaqədar sürüşərək digər maşınlarla toqquşması səbəb olub. Qəza ilə bağlı prospektdə tıxac meydana gəlib. Əraziyə çağırılan evakuatorlar hər üç maşını hadisə yerindən aparıblar. Prospektdə nəqliyyatın hərəkəti yenidən bərpa olunub.

Faktla bağlı Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv