Ukraynada müxalifət daha bir neçə HÖKUMƏT BİNASINI ƏLƏ KEÇİRDİ


Ukraynada hakimiyyət və müxalifət aksiya iştirakçıları və polisin Kiyevin mərkəzi küçələrini boşaltmasına dair razılıq əldə edib . APA TV-nin xəbərinə görə, Ukrayna prezidenti Viktor Yanukoviç müxalifət liderləri ilə keçirdiyi görüşdə iğtişaşlar zamanı saxlanılan bütün şəxslərin azadlığa buraxılmasına dair amnistiya aktının qəbuluna razılıq verib. Bunun müqabilində o, aksiya iştirakçılarından ələ keçirdikləri bütün binaların boşaldılmasını xahiş edib.

Buna baxmayaraq müxalif qüvvələr Dnepropetrovsk şəhərində ərazi icra hakimiyyəti binasını ələ keçirməyə cəhd edib. Binanın yaxınlığında baş verən toqquşmalar nəticəsində 18 polis əməkdaşı yaralanıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib. İğtişaşlarda çəkiliş aparan media nümayəndələri də hücuma məruz qalıb. Bir jurnalist travmatik silahdan açılan atəş nəticəsində yaralanıb, ərazidə çəkiliş aparan operatorun qolu sınıb.

Yerli hüquq mühafizə orqanlarını yaydığı xəbərə görə, aksiyanın yatırılması zamanı heç bir silahdan istifadə edilməyib. Toqquşmalar nəticəsində polis 37 nümayişçini həbs edib. Zaparojyedə isə polislər 30-a yaxın şəxsi həbs ediblər.

Müxalifət həmçinin Poltava Vilayət Şurasının binasını da ələ keçirib. Binaya daxil olan şəxslərə müqavimət göstərilməyib. Aksiya iştirakçıları Xalq Radasını yaradıldığını, Regionlar Partiyasının, habelə Ukrayna Kommunist Partiyasının qadağan olunduğunu bəyan ediblər.

 

Müəllif | Apa.Tv