Oğuzda ovçunu gülləlyərək dağdan atdılar - İSTİNTAQ ARAŞDIRMASI

Oğuz rayonunda dağdan yıxılaraq ölən ovçunun bədənində güllə yaraları aşkarlanıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Oğuz Rayon Polis Şöbəsindən bildirilib. Məlumata görə, Oğuz rayonunun Xaçmaz kənd inzibati ərazisində dağda ov zamanı yıxılaraq öldüyü bildirilən Xaçmazqışlaq kənd sakini, 32 yaşlı Məmmədbağır Seyidəliyevin meyitinin üzərində tibbi ekspertiza aparılıb. Ekspertiza zamanı onun sağ qolunda iki və gözünün altında bir güllə yarası aşkar edilib.

Polis və prokurorluq əməkdaşlarının apardıqları araşdırmalar zamanı məlum olub ki, yanvarın 26-da səhər saatlarında mərhum Məmmədbağır Seyidəliyev, Oğuz şəhər sakini, 49 yaşlı Xalis Həsrətov, Oğuz rayonu Xaçmaz kənd sakini, 45 yaşlı Arif Salehov və rayonun Dəymədağlı kənd sakini, 42 yaşlı Maarif Lətifov rayonun Xaçmaz kənd inzibati ərazisində dağa ova gediblər. Ov zamanı Xalis Həsrətovun əlindəki 12 çaplı tüfəngdən açılan güllə Məmmədbağır Seyidəliyevə dəyib. Məmmədbağır Seyidəliyev aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar aparılır. Qeyd edək ki, ilkin olaraq Məmmədbağır Seyidəliyevin yıxılaraq öldüyü bildirilirdi.

Müəllif | Apa.Tv
Elvin Bayramlı