Ukraynada AZƏRBAYCANLI 2 YAŞLI UŞAĞI ŞİRİN PƏNCƏSİNDƏN XİLAS EDİB

Ukraynada həmyerlimiz ikiyaşlı körpəni şirin pəncəsindən xilas edib. APA – nın Ukraynanın HTH telekanalına istinadən verdiyi məlumata görə, Kiyev vilayətində səyyar sirkdə saxlanılan şir ikiyaşlı uşağı az qala param-parça edib. Uşağın anası dükanda olarkən, körpə sirkin yerləşdiyi küçəyə çıxıb. Bu zaman milliyyətcə azərbaycanlı olan Raqif Kərimov uşaq səsini eşidərək, hadisə yerinə qaçıb. Orada o, şirin uşağın başını qoparmağa hazırlaşdığını görüb. Raqif Kərimov düşünmədən daşla şirin başına vurmağa başlayıb. Bu vaxt sirkin personalı özünü yetirib.

Şir səs-küydən çəkinərək uşağı buraxıb. Krımın Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov APA-ya bildirib ki, bundan sonra şirin sahibi heyvanı ərazidən uzaqlaşdırıb.

Raqif Kərimov hadisəni belə danışıb: “Mən anidən arxaya çevrildim, gördüm ki şir uşağı tutub başını qoparmaq istəyir. Mən o tərəfə qaçdım. Şir məni görüb qorxdu və uşağı buraxdı. Bu vaxt şirin təlimçisi gəldi heyvanı yerinə apardı. Mən bunu etməsəydim özümü bağışlaya bilməzdim. Necə ola bilərdi ki, mənim gözümün qabağında vəhşi heyvan körpəni yesin. Mən həmin dəqiqə qorxmadım”.
 

Müəllif | Apa.Tv
Apa.tv