Kirayədə qalan Qarabağ müharibəsi veteranı: “Sənədi ala bilsəm, ev almaq üçün müraciət edərdim”

Xaçmaz şəhər sakini 43 yaşlı Nemət Məmmədov birinci Qarabağ müharibəsi dövründə 4 il hərbi xidmətdə olub. Onun sözlərinə görə, döyüş bölgələrinə ezam olunub və cəbhəyə silah-sursat aparıb. 4 uşaq atası olan Nemət deyir ki, bu barədə rəsmi sənədin olmamağı səbəbindən Qarabağ veteranı statusu ala bilmir. 16 ildir kirayədə yaşayan ailə başçısı gündəlik qazancı ilə ailəsini zorla dolandırdığını deyir: «Bir neçə dəfə Xaçmaz hərbi komissarlığına müraciət etmişəm. Deyirlər ki, sorğu göndərmişik. Sənədi ala bilsəm, evlə təmin olunmaq üçün müraciət edərdim”.

 

Nemətin həyat yoldaşı Gövhər xanım deyir ki, hər ay 100 manat kirayə pulг verirlər. Amma yaşadıqları evin vəziyyəti də yaxşı deyil. Yağış yağan kimi evə su damır. Bu vəziyyət uşaqların sağlamlığına və təhsilinə də təsir göstərir. Epilepsiya xəstəsi olan Gövhər xanımın da vəziyyəti tez-tez ağırlaşır: “1998-ci ildən kirayədə qalıram. Vəziyyətimiz çox ağırdır. Xəstəliyimə çox pis təsir edir. Körpə uşaqlardır. Dəfələrlə aidiyyəti orqanlara özüm getmişəm. Bizə deyiblər ki, 4 uşaqlı şəxslər ev də ala bilər”.
6 nəfərlik ailə aidiyyəti üzrə dövlət qurumlarından yardım gözləyir.
 

Müəllif | Apa.Tv
Vəli Turan