Məmmədəmin Rəsulzadənin məzarı Azərbaycana köçürüləcəkmi? - MÖVQE

“Azərbaycan Xalq Cümhuriyyət tarixinin bir çox səhifələri var ki, Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi ilə əlaqədar onlar dərindən araşdırılmalıdır”. Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib. Onun sözlərinə görə, Cümhuriyyət tarixinin öyrənilməsinə dair Dehli, Paris, Moskva, Sankt-Peterburq, London, İstanbul və Ankaradan xeyli sənədlər gətirilib. Bu sənədlər cümhuriyyət tarixini öyrənmək üçün tarix qarşısında yeni səhifələr açır. Cümhuriyyətin tarixi ilə bağlı bir çox məsələlərə yenidən baxmaq lazımdır.

“Təəssüf ki, bu günə kimi Azərbaycan Xalq Cümhuriyyətinin şimal qonşuları ilə tarixi araşdırılmayıb. Cümhuriyyət elan olunan günün səhəri Moskvada ermənilər birləşərək bu dövləti qan içində boğmaq üçün planlar hazırlayıb. Bununla bağlı Ukraynada xeyli sənəd ehtiyatı var və hazırda orada onların təhlili istiqamətdə iş aparılır. Bundan əlavə, cümhuriyyətin Mərkəzi Asiya ölkələri ilə əlaqələrini araşdırmalıyıq”.

Yaqub Mahmudov qeyd edib ki, ilk dəfə AMEA Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixini öyrənən şöbə yaradılıb.

“Bu, cümhuriyyət dövrünə çox böyük töhfədir. Bundan əlavə, arxivdə böyük işlər gedir. Heydər Əliyevin göstərişi ilə hazırlanan 2 cildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın təkmilləşdirilməsi istiqamətində işlər gedir və bu yaxınlarda ensiklopediya kütləvi tirajla çap olunacaq”.

İnstitutun direktoru qeyd edib ki, Rəsulzadənin qəbrinin Azərbaycana gətirilməsi dövlət əhəmiyyətli bir məsələdir.

“Tarixi əhəmiyyətli dövlət adamlarının xaricdə uyuyan məzarlarının Azərbaycana gətirilməsi hər zaman qaldırılır. Vaxtilə Məhəmməd Füzulinin də qəbrinin Azərbaycana gətirilməsi məsələsi qaldırılmışdı. Amma bu, dövlətlərarası danışıq məsələsidir. Məhəmməd Əmin Rəsulzadənin də ömür yolunun çox hissəsi Türkiyədə keçib. Ona görə də biz bu məsələdə türk xalqının, Türkiyə Cümhuriyyətinin rəyi ilə hesablaşmalı və türk xalqını incitməməliyik”.

Yaqub Mahmudovun sözlərinə görə, yanvarın 31-də Azərbaycandan dövlət nümayəndə heyəti Türkiyəyə gedərək Məhəmməd Əmin Rəsulzadənin qəbrini ziyarət edəcək.
 

Müəllif | Apa.Tv
Almaz Qasımova