İsmayıl Hüseynov: «Gömrük orqanları «Avro-4» standartının tətbiqinə hazırdır»

Azərbaycanın gömrük orqanları «Avro-4» standartının tətbiqinə hazırdır. Azərbaycan Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov bildirib ki, ölkəmizə idxal olunan avtonəqliyyat vasitələrin qeydiyyata alınması “Bir pəncərə” prinsipi ilə həyata keçirilir. Onun sözlərinə görə, bu məqsədlə avtomobil idxalçıları üçün 2 məlumat köşkü quraşdırılıb. O, qeyd edib ki, Dövlət Gömrük Komitəsi Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə avtomobillərin “Avro-4” ekoloji standartlarına uyğun olub-olmamasını yoxlamağa başlayıb və bu iş bundan sonra da davam edəcək.

Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertiza İdarəsinin rəisi Mehriban Əlizadə bildirib ki, qurum avtomobillərin atmosferə atdığı səhərli maddələri ölçərək onlara sertifikat verir. Onun sözlərinə görə, elektron qaydada qeydiyyatdan keçən və uyğunluq sertifikatı alan avtonəqliyyat vasitələri ümumi sistemə daxil ediləcək. Sertifıkatın alınması ilə bağlı ötən il 56 346 müraciətin daxil olduğunu deyən idarə rəisi bildirib ki, 13 nəfərin müraciəti qeydiyyata alınmayıb: «Bütün nəqliyyat vasitələri ABS sistemi mütləq təchiz olunmalıdır. Bu sistem nəqliyyat vasitəsinin təhlükəsizliyinin təminatıdır. Ən azı bir təhlükəsizlik yastığı olmalıdır. Parametrləri AZS 635, 636 standartına cavab verməyən nəqliyyat vasitələri ölkəyə bu gün də buraxılmır və buraxılmayacaq".

İdarə rəisi bildirib ki, uyğunluq sertifikatının alınması üçün avtomobil sahibi cəmi 52 manat dövlət rüsumu ödəməlidir.

 

Müəllif | Apa.Tv