Məhəbbət Kazımovun oğlu: “Dəfn mərasimini sabaha saxlamağımızın səbəbi...”

Bu gün dünyasını dəyişən əməkdar artist Məhəbbət Kazımov Pirşağı qəbiristanlığında dəfn olunacaq. Mərhumla vidalaşmaq üçün onun sənət dostları, yaxınları sənətçinin Cavadxan küçəsində yerləşən mənzilinə gəliblər.

Əməkdar artistin oğlu bildirib ki, Məhəbbət Kazımovun səhhəti son iki gündə daha da pisləşib. Həkim çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb: “İki gün idi qrip idi. özü də xəstə olduğu üçün bədəni götürmədi. təngnəfəslik, səhər saatlarında rəhmətə getdi”.

Mərhum yanvarın 28-də ailə qəbiristanlığında dəfn ediləcək: “Bu qədər insanları yox saymaq olmaz. Bunlar hamısı bura Məhəbbət Kazımovun adına gəliblər. Ona görə də dəfn mərasimi sabah olacaq”.

Qeyd edək ki, əməkdar artist Məhəbbət Kazımov uzun müddət ürək-damar sistemində yaranmış problemlərdən əziyyət çəkib. O, yanvarın 27-də səhər saatlarında yaşadığı evində dünyasını dəyişib. Əsl adı Möhübbət olan sənətçi 1953-cü il iyulun 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olan Məhəbbət Kazımov ilk muğam dərslərini Nəriman Əliyevdən alıb, daha sonra Ağaxan Abdullayevin sinfində oxuyub.

1976-cı ildən professional səhnədə çıxış edib. "Dan Ulduzu" ansamblının solisti olub. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər verib. Türkiyədə, Rusiyada, İranda qastrol səfərlərində olub. 14 sentyabr 2012-ci ildə "Əməkdar artist" fəxri adına layiq görülüb. 1990-cı ildə ailə həyatı qurub, üç övladı var.
 

Müəllif | Apa.Tv