Jan Klod Minyon: “Təmas xəttində baş verən gərginlikdən narahatam”

“Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə Dağlıq Qarabağ münaqişənin həllinə dair prioritetlərin müəyyən edilməsi üçün yaxşı fürsət yaranacağına ümid edirəm”. Bu fikirləri səlahiyyət müddəti başa çatan Avropa Şurası Parlament Assambleyasının sədri Jan Klod Minyon keçirdiyi mətbuat konfransında deyib. Avstriyadan öncə Nazirlər Komitəsinə Ermənistanın sədrlik etdiyini deyən Jan Klod Minyon iki illik prezidentliyi müddətində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni etdiyini söyləyib: «Təbii ki iki il çox azdır və tez keçir. Sədrliyim zamanı çalışmışam ki, dondurulmuş münaqişələrin həllinə öz şəxsi töhfəmi verim. Dağlıq Qarabağ münaqişəsinə dair parlament diplomatiyası vasitəsilə danışıqların aparılması buna bir misaldır. Ciddi uğur qazanmasaq da, hər halda, burada tərəflər arasında dialoqu bərpa edə bildiyim üçün çox məmnunam. Son zamanlar Assambleyadakı plenar iclaslarda da tərəflər arasında bir-birinə qarşı ittihamların sayı get-gedə azalır və bu da o deməkdir ki, nümayəndə heyətlərinin üzvləri bu görüşlərdən hansısa müsbət mesajları alıblar».

 

Jan Klod Minyon Ermənistanın Nazirlər komitəsinə 2013-cü ildə sədrlik etdiyini və bu ilin Fransa və Almaniya arasında imzalanmış Elisey müqaviləsinin 50 illiyinin qeyd olunduğunu xatırladıb. Onun sözlərinə görə, əgər II Dünya müharibəsindən sonra Fransa və Almaniya bu müqaviləni imzalayaraq iki düşmən ölkədən dost ölkəyə çevrilə bilibsə, o zaman Azərbaycan və Ermənistan da bunu edə bilər. O, Avropa Şurasının baş katibi vəzifəsinə seçiləcəyi təqdirdə Dağlıq Qarabağ münaqişənin həllinin özü üçün əsas prioriteti olacağını deyib.
 

Minyon AŞPA sədri seçildikdən sonra Dağlıq Qarabağ üzrə Alt Komitənin işini davam etdirmədiyini, münaqişənin bu formatda həllinə qarşı çıxdığını xatırladıb: « Çünki bu məsələ ilə ATƏT-in Minsk Qrupu məşğul olur və mən də başqa təşkilatın təmsilçisi olaraq bu təşkilatın işlərinə qarışmağın tərəfdarı deyiləm. ATƏT-ə sədrlik edən dövlətlər təşkilat daxilində münaqişənin həlli istiqamətində mühüm işlər görürlər. Bundan başqa, sədrliyim vaxtı Minsk Qrupunun həmsədrləri, xüsusən də fransalı həmsədr Jak Forla çox məhsuldar görüşlərim olub. Eyni zamanda Bakıda və İrəvanda hər iki ölkənin xarici işlər nazirləri, prezidentləri ilə mühüm görüşlər keçirib, ATƏT-in Minsk Qrupunun təklif etdiyi Madrid prinsipləri kimi məsələləri müzakirə etmişik. Hesab edirəm ki, bütün bu məsələlərdə ümid etdiyimizdən az olsa da, yenə də irəliləyişlər var. Ən azı bu gün Assambleyamız daxilində dialoq mövcuddur və fikrimcə, bu görüşləri davam etdirmək lazımdır”.
 

Jan Klod Minyon həmçinin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son vaxtlar baş verən gərginlikdən narahat olduğunu da bildirib.

 

Müəllif | Apa.Tv