Qaxda AT QƏZA TÖRƏTDİ, 3 YARALI

Qaxda baş verən yol nəqliyyat hadisəsində Zaqatala rayonunun üç sakini xəsarət alıb. APA TV-nin məlumatına görə, yol qəzası yanvarın 27-də axşam saatlarında Qax-Qoroğan yolunun Əmircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayonu, Əliabad qəsəbə sakini, 35 yaşlı Natiq Məmmədov idarə etdiyi “Mersedes” markalı, “62 BH 178” dövlət nişan nömrəli avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən, qarşısına qəfildən at çıxması səbəbindən idarəetməni itirərək maşını yolun kənarındakı qoz ağacına çırpıb. Qəza nəticəsində avtomobilin sürücüsü Natiq Məmmədov, onun Əliabad qəsəbəsindən olan sərnişinləri - 58 yaşlı Qurban Ulxanov və 25 yaşlı oğlu Camal Ulxanov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıblar. Hər üç yaralının müalicəsi Qax MRX-nın cərrahiyə şöbəsində aparılır.


Faktı Qax rayon Polis Şöbəsi araşdırır.
 

Müəllif | Apa.Tv
Vüqar Heydərov