Göyçay sakini VƏHŞİ ÇÖL PİŞİYİ TUTUB

Göyçayda ev heyvanlarına qənim kəsilən vəhşi çöl pişiyi tutulub. Təxminən bir yaşında olan çöl pişiyi 3-4 aydır ki, Göyçayın Potu kənd sakinlərinə göz verib, işıq vermir. Son 4 ay ərzində Potu kənd sakini Rövşən Hüseynovun 10 baş qoyunu, eləcə də qonşuların 13 baş ev quşu naməlum yırtıcı heyvan tərəfindən məhv edilib. Rövşən Hüseynov onun heyvandarlıq təsərrüfatına ziyan vuran naməlum heyvanı tutmaq üçün həyətyanı sahənin müxtəlif yerlərində 15-ə yaxın tələ quraşdırıb. Bu gün həmin tələnin birinə vəhşi çöl pişiyi düşüb.


Rövşən Hüseynov deyir ki, son 2 ayda onun tələsinə bir porsuq və 3 çaqqal düşsə də, onların heç biri qoyunları məhv edə biləcək heyvanlar deyil. Ev sahibi böyük dəmir qəfəsə saldığı vəhşi çöl pişiyini yenidən ev heyvanlarına zərər verməməsi üçün paytaxtda yerləşən zooparka təhvil verəcəyini bildirib. Kənd sakinləri Yuxarı Şirvan kanalına yaxın olan həmin ərazinin kol-kos olduğunu və belə yırtıcı heyvanların kəndə tez-tez gəldiyini bildirirlər.
 

Müəllif | Apa.Tv
Elvin Yaqubov