Misirdə çevriliş edən general Sisi prezidentliyə namizəd olacaq

Misir ordusunun komandanlığı baş nazirin birinci müavini, müdafiə və hərbi sənaye naziri Əbdül Fəttah əs-Sisiyə prezident seçkilərində öz namizədliyini irəli sürmək səlahiyyəti verib. Bu barədə qərar Misir Silahlı Qüvvələrinin Ali Şurasının əs-Sisinin sədrliyi ilə keçirilən iclasında qəbul edilib.


Əbdül Fəttah əs-Sisinin rütbəsi də feldmarşal səviyyəsinə qaldırılıb. Bu barədə fərmanı Misirin müvəqqəti prezidenti Ədli Mənsur imzalayıb. 59 yaşlı əs-Sisi ötən yay Məhəmməd Mursinin hakimiyyətdən devrilməsində əsas rol oynayıb.

Misirdə prezident seçkilərinin parlament seçkilərindən əvvəl keçirilməsi nəzərdə tutulur. Qəbul edilən "Yol xəritəsi"nə görə, prezident seçkiləri aprelin 19-dan gec olmamalıdır.

Qeyd edək ki, şənbə günü Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsi ilə nəticələnən "25 yanvar" inqilabının üçüncü ildönümü kütləvi iğtişaşlarla müşayiət olunub. Qanlı hadisələr nəticəsində 64 nəfər ölüb, 200-dən çox adam xəsarət alıb.

Müəllif | Apa.Tv
Apa.tv