FHN və “Statoil Azerbaijan” birgə seminar keçirib

“Qafqaz Point Otel”də Azərbaycan Fövqəladə Hallar Nazirliyi və “Statoil Azerbaijan” şirkətinin təşkilatçılığı ilə neft dağılmalarına qarşı cavab üzrə iki günlük seminar işə başlayıb. APA TV-nin məlumatına görə, seminarda “Statoil” və Əməliyyat Şirkətləri üzrə Norveç Təmiz Dənizçilər Assosiasiyasının ekspertləri Şimal dənizində aparılmış real tədqiqatlar əsasında Norveçdə neft dağılmalarına qarşı cavab üzrə idarəetmə strukturuna dair təqdimatlarla çıxış ediblər.

“Statoil Azerbaijan” şirkətinin ölkə üzrə menecerinin müavini Odvar Samuelsberq neft dağılmalarına qarşı mübarizə sahəsində FHN-lə əməkdaşlığın səmərəli olacağını deyib. “Statoil”un neft dağılmalarına qarşı cavabla bağlı fövqəladə hallara hazırlıq üzrə məsləhətçisi Lars Brekke “Neft dağılmalarının iqtisadi əsaslandırılması: Norveç üsulu” mövzusunda çıxış edib. O bildirib ki, Norveçdə neft təhlükəsizliyi üzrə müvafiq orqan və Norveç Sərhədyanı Administrasiyası var, ikinci qurum sərhədyanı bölgədə əlavə tədbirlər həyata keçirir: “Norveçdə qəbul edilən qanunvericiliyə görə, əgər sən dənizi çirkləndirirsənsə, təmizləmə işlərini də sən həyata keçirməlisən. Əgər 1 kubmetrdən artıq dağılma baş veribsə, bu işlər mütləq görülməlidir”.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verərsə, “Statoil” şirkətinin yanğınsöndürənlərlə əməkdaşlığının necə qurulması ilə maraqlanıb. L. Brekke təhlükələr və qəzalar siyahısı tətbiq etdiklərini nəzərə çatdırıb: “Hansısa platformada yanğın baş verirsə, o platformanın müvafiq planı olmalıdır. Eyni zamanda əməliyyatçı şirkət ilk növbədə platformadakı insanların oradan çıxarılmasını təmin etməlidir. Bu məqsədlə 6 helikopterimiz var. Ən geci 60 dəqiqə ərzində lazım olan yerə çatmaq imkanımız var. Bizim üçün insanlar başlıca amildir”.

“Statoil Azerbaijan” şirkətinin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit (SƏTƏM) üzrə meneceri Şapur Sotodemaneş deyib ki, “Statoil”neft dağılmalarının idarəetməsi üzrə böyük təcrübəyə malikdir və bu sahədə bilik və təcrübələrini azərbaycanlı tərəfdaşları ilə bölüşməyə hazırdırlar. Onun sözlərinə görə, Xəzər dənizi hövzəsində müxtəlif ölkələr tərəfindən həyata keçirilən neft və qaz layihələri dəniz mühitində neft dağılmalarına cavab üzrə səmərəli sistemə ehtiyacı ortaya çıxarır: “Biz inanırıq ki, bu seminar Azərbaycanın Neft Dağılmalarına Qarşı Cavab üzrə Dövlət Planına öz müsbət töhfəsini verəcək”.
 

Müəllif | Apa.Tv