Etibar Mirzəyev: ““Statoil” şirkətinə birgə təlim keçirməyi təklif etmişik”

Azərbaycan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib ki, Xəzər Hövzə Qəza Xilasetmə Xidməti neft dağılmalarına qarşı mübarizə ilə bağlı BP şirkəti ilə əməkdaşlıq edir. O, “Statoil” şirkətinin bu sahədə təcrübəsinin öyrənilməsi baxımından bu seminarın əhəmiyyətli olacağını söyləyib.

“Norveçin «Statoil» şirkəti böyük təcrübəyə malik olan bir şirkətdir. Biz çalışacağıq ki, gələcəkdə iş fəaliyyətimizi “Statoil” şirkətinin bizə təklif etdiyi plan əsasında quraq. Neft dağılmalarının təmizlənməsi ilə FHN-nin Qəza Xilasetmə Xidməti məşğul olur. Baş verə biləcək neft dağılmalarına bu xidmət bilavasitə cavabdehdir”.

Nazir müavini qeyd edib ki, neft qalıqlarının yığılması ilə bağlı “Statoil” şirkətinə birgə təlim keçirmək təklif olunub: “Nəzəri, masaüstü təlimlərdə 95 faiz nəticəyə nail olmaq mümkündür. Ancaq Xəzər dənizində küləyin sürəti daim yüksək olur və neftin dağılması ehtimalı yüksəkdir. Ona görə də ya Bakıda, ya da Norveçdə mütəxəssislərimizin birgə praktik təliminin keçirilməsini təklif etmişik. Çünki “Statoil” kimi beynəlxalq şirkətin neft qalıqlarının yığılması sahəsində 30 faiz, yaxud 40 faiz və daha yüksək nəticəsi bizim üçün maraqlıdır”.

 

Müəllif | Apa.Tv