Azərbaycanda ərzaq təhlükəsizliyinə dair iki yeni layihə icra olunacaq

«Ərzaq indeksinə görə Azərbaycan keçmiş sovet dövlətləri arasında 126 ölkə arasında 91-ci yerdədir. Ölkəmizdə ərzaq bol olsa da, indeksə görə keyfiyyəti aşağıdır. Ölkəmizdə insanların gəliri yaxşıdır, lakin ərzağın keyfiyyəti aşağı olduğundan burada da keyfiyyət aşağı düşür”. Böyük Britaniyanın “Oxfam” təşkilatının Azərbaycan bölməsinin rəhbəri Şövkət Əlizadə deyir ki, Azərbaycan ərzağın səhiyyə sahəsinə təsiri baxımından 126 ölkənin içində ilk “iyirmiliyə” daxil olub. Bu isə o deməkdir ki, bu istiqamətdə ölkəmizdə müsbət irəliləyişlər mövcuddur. Artıq çəki və diabet xəstələrinin sayı ümumdünya səhiyyə standartlarına görə, heç də pis göstərici hesab edilmir.

Eyni zamanda ölkəmizdə ərzaq təhlükəsizliyi baxımından müxtəlif layihələr həyata keçirilir ki, bunlardan da ən vacibi “Cənubi Qafqazda milli strategiya və kiçik fermer təsərrüfatı vasitəsilə ərzaq təhlükəsizliyinin təkmilləşdirilməsi” və “Mərkəzi Azərbaycanda kənd yerlərinin inkişafı: Çiyələk və tərəvəz dəyər zənciri üzrə kiçik fermerlərin dəstəklənməsi” layihələridir. Təşkilat rəhbəri deyir ki, bu layihələrin icrasına ayrı-ayrılıqda 2 milyon manat vəsait ayrılıb.

«Layihələrdə əsas məqsəd praktiki olaraq yerli toxumçuluğu inkişaf etdirmək, bu sahədə Kənd Təsərrüfatı Nazirliyi ilə birgə işlər aparmaq və ölkəmizdə olan toxumçuluqla fərdi məşğul olan toxumçularla işbirliyi aparmaqdır. Həmin toxumçuların istehsal etdikləri məhsulun keyfiyyətli, ucuz olması baxımından onları maarifləndirmək lazımdır və çalışırıq ki həmin sahədə fermerlər qazanc əldə edə bilsinlər».

Qeyd edək ki, Böyük Britaniyanın “Oxfam” beynəlxalq təşkilatı "Azərbaycanda ərzaq təhlükəsizliyi və kənd yerlərinin inkişafı" adı altında tədbir keçirib. Tədbir çərçivəsində ölkədə ərzaq təhlükəsizliyinin vəziyyəti və kiçik fermer təsərrüfatının inkişafı, bu sahədə müşahidə olunan islahat meylləri, müxtəlif təşkilatlar və dövlət qurumları arasında əməkdaşlıq imkanları müzakirə edilib.

 

Müəllif | Apa.Tv