Məhəbbət Kazımov son mənzilə “Laçınım” mahnısı ilə yola salındı - DƏFN MƏRASİMİ

Bu gün sənətçi Məhəbbət Kazımovla vida mərasimi keçirilib. Sənət dostları onun sevdiyi musiqiləri son dəfə elə onun üçün oxuyublar. Vaxtı ilə eyni səhnədə, el şənliklərində birlikdə çıxış etdiyi sənət dostları bu dəfə onunla vidalaşmaq üçün gəlmişdilər.

"Zaman keçdikcə insanın sanki, ağrısı da, acısı da, nisgili, həsrəti də böyüyür. Yaşlaşdıqca, illər keçdikcə mənə elə gəlir ki, Laçına doğru getməyə başlayıram". Məhəbbət Kazımov son müsahibələrinin birində belə demişdi. Elə dostları da , ailə üzvləri də onun hər zaman Laçına getmək arzusu ilə yaşadığını deyirlər. Amma qismət olmadı. Əməkdar artist yanvarın 27-də səhər saatlarında onu sevənlərə əlvida dedi. Məhəbbət Kazımov son mənzilə onu sevdirən “Laçınım” mahnısı ilə yola salındı.

Əməkdar artist bu gün Xırdalan qəbiristanlığında torpağa tapşırılıb. Müğənni haqqında xoş sözlər söyləyən həmkarları onu göz yaşları ilə andılar.

Məhəbbət Kazımov 1953-cü il iyulun 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olan Məhəbbət Kazımov ilk muğam dərslərini Nəriman Əliyevdən alıb, daha sonra Ağaxan Abdullayevin sinfində oxuyub. 1976-cı ildən professional səhnədə çıxış edib. "Dan Ulduzu" ansamblının solisti olub. 14 sentyabr 2012-ci ildə "Əməkdar artist" fəxri adına layiq görülüb. 1990-cı ildə ailə həyatı qurub, üç övladı var.

Müəllif | Apa.Tv