Əli Məsimli: “Benzinin keyfiyyətini aşağı salan qurumlar sərt formada cəzalandırılmalıdır”

"Benzinin keyfiyyətini aşağı salan qurumlar sərt formada cəzalandırılmalıdır". Bu fikirləri Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli son günlər benzinin keyfiyyətinin aşağı olması ilə bağlı fikirləri şərh edərkən deyib: “İstehlakçıların hüquqlarını müdafiə etmək lazımdır. Hansı qurumlar bilavasitə benzinin keyfiyyətini aşağı salırsa, onlar sərt formada cəzalandırılmalıdır. Bu inzibati tədbirlər bir tərəfli qaydada yalnız Azərbaycan vətəndaşlarına deyil, qanunu pozan hər kəsə şamil edilməlidir. Qanunvericilikdə nəzərdə tutulduğu kimi Azərbaycan vətəndaşı istehlakçıdır və onun qanunla müəyyən olunmuş hüquqları var. O hüquqlar pozulan zaman həmin təşkilatlara qarşı sanksiyalar tətbiq edilməlidir”.

Millət vəkili deyir ki, benzinin keyfiyyətinin aşağı olması ilə bağlı minlərlə müraciət daxil olub və bu səbəbdən də artıq bu istiqamətdə aidiyyəti qurumlara müraciətlər edilib.

Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə deyir ki, Azərbaycanda istehsal və realizə edilən yanacaq doldurma məntəqələrində satılan yanacağın keyfiyyətinə nəzarət gücləndirilir. Bu nəzarət həm metrologiya, həm də keyfiyyətlə bağlıdır. Onun sözlərinə görə, son aylarda standartların təhlili onu deməyə əsas verir ki, ildən-ilə yanacaqdoldurma məntəqələrində benzinin keyfiyyətinə müdaxilə faktları azalır.
 

Müəllif | Apa.Tv